MƏDƏNİYYƏT
Azərbaycanla Tacikistan arasında mədəni əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən MDB iştirakçı dövlətlərinin mədəni əməkdaşlıq üzrə Şurasının 37-ci iclasında iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov ilə Tacikistan Respublikasının mədəniyyət nazirinin müavini Manuçehr Şarifzoda və Tacikistanın Akademik Opera və Balet Teatrının direktoru Kamoliddin Sayfiddinovun arasında görüş keçirilib. Görüş zamanı ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, hər iki ölkədə keçirilən tədbirlər zamanı mədəniyyət və incəsənət xadimlərinin mübadiləsi, ölkələrin opera və balet teatrları arasında əməkdaşlığa dair müqavilənin hazırlanması və mədəniyyət müəssisələri arasında əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.
Eyni zamanda, Beynəlxalq Delfi Komitəsinin direktoru Vladimir Ponyavin ilə baş tutan görüşdə Azərbaycan nümayəndə heyətinin bu il Tacikistanda təşkil olunacaq Beynəlxalq Delfi oyunlarında iştirakı məsələsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.