İQTİSADİYYAT
Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri yüksək səviyyədədir
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes-forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri çox yüksək səviyyədədir, demək olar ki, hər həftə, hər gün iş adamları ticarət və investisiya əlaqələrinin genişləndirilməsi istiqamətində öz həmkarları ilə danışıqlar aparırlar. İxrac missiyaları olub-olmadan biz ildə bir neçə dəfə Türkiyəyə Azərbaycandan iş adamlarını missiyalarını təşkil edirik. Həm ikitərəfli tədbirlərdə, həm də çoxtərəfli tədbirlərdə iştirak edirik.
Xarıcı ölkələrə ixrac missiyalarının təşkilindən danışan R.Məmmədov bildirib ki, bu ilin sonunadək Azərbaycandan 5 ixrac missiyası həyata keçirmək planlaşdırılır. “Bəzi ölkələrə iki ixrac missiyası həyata keçirilə bilər. Sentyabrda Rusiyaya, oktyabrda Çinə, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları planlaşdırılır. Çin və Rusiya böyük ölkələr olduğu üçün, bu ölkələrə iki ixrac missiyası təşkil oluna bilər". İxracı təşviq edilən məhsulların siyahısının genişləndirilməsi də planlaşdırılır”, - deyə R. Məmmədov bildirib.
Doğu Qaradəniz İxracatçılar Birliyinin rəhbəri Ahmet Hamdi Gürdoğan Azərbaycanla Türkiyə arasında olan ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.
O deyib: “Biz Azərbaycanda logistika və ticarət sahəsinə sərmayə yatırmağa hazırıq. Amma öncə "Qırmızı Körpü" (Sınıq Körpü) sərhəd-keçid məntəqəsində olan problemləri aradan qaldırmaq lazımdır. İki ölkə arasındakı yüklərin dəniz yolu ilə daşınmasına Xəzərdəki dalğalar da mane olur. Xəzər dənizində olan dalğalar gəmilərimizin hərəkət etməsinə mane olur. Türkiyə bu sahədə böyük uğurlar əldə edib. Bizim dalğaqıran gəmilərimiz var. Amma Xəzərdə bu yoxdur. Bu dalğalar üzündən gəmilər bəzən 15-20 gün işləyə bilmir. Türkiyənin Doğu Qaradəniz bölgəsi Azərbaycana ən yaxın bölgədir. Ancaq buna baxmayaraq, bu bölgənin Azərbaycanla ticarət əlaqələri çox aşağıdır”.