CƏMİYYƏT
Azərbaycanla UNESCO arasında multikultural dəyərlərin təbliği sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi, digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə İsveçrədə görüş keçirilib. Bu barədə AZƏRTAC-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəmanın UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri Mmantsetsa Marope ilə görüşündə ölkəmizlə bu qurum arasında təhsil sahəsində əlaqələrin perspektivləri, multikultural dəyərlərin, tolerantlıq ənənələrinin təşviqi və təbliği ilə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Təhsil üzrə Beynəlxalq Büro 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb. 1999-cu ildən UNESCO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur.