ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq elmi konfransda iştirak etmişdir
Bakı, 20 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların meliorasiya laboratoriyasının rəhbəri, dosent Mustafa Mustafayev Ryazan vilayətinin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin, akademik P.A.Kostıçev adına Ryazan Dövlət Aqrotexnologiya Universitetinin, Ümumittifaq Elmi–Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun Meşerski filialının birgə təşkilatçılığı ilə keçirilən “Yağlı bitkilərin yetişdirilməsi və istehsalının elmi-praktiki aspektləri” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda iştirak etmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, konfransda Macarıstan, Serbiya, ABŞ, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiyanın müxtəlif bölgələrindən alim və mütəxəssislər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər konfransın əhəmiyyətini qeyd edərək onun ərzaq proqramının həllində mühüm yer tutduğunu bildirmişlər. Diqqətə çatdırılmışdır ki, konfrans kənd təsərrüfatı mütəxəssisləri üçün xüsusi əhəmiyyət kəsb edir və gələcəkdə bəzi elmi istiqamətlərin müəyyən edilməsində xüsusi rol oynayacaqdır.