ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun baş elmi işçisi, professor Təbriz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) həqiqi üzvü seçilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu barədə qərar TEA-nın Moskvada keçirilən illik yığıncağında qəbul olunub.
T.Əliyev, həmçinin dünya elminin inkişafına verdiyi töhfələrə görə Avropa Elmi-Sənaye Konsorsiumu və TEA tərəfindən təsis olunmuş “Əməkdar elm və təhsil xadimi” fəxri adına, V.İ.Vernadski adına “Qızıl medal”a, “Əmək və bilik” ordeninə layiq görülüb. Moskvada keçirilən tədris-metodiki əsərlərin təqdimatına həsr edilmiş beynəlxalq sərgidə iqtisadçı alimin “Marketinq” adlı dərs vəsaiti, “Azərbaycanda sənayenin innovativ inkişafı” və “Neft-qaz avadanlıqları istehsal edən xarici ölkələrlə iqtisadi əməkdaşlıq” monoqrafiyaları müvafiq sertifikatlara və beynəlxalq sərginin laureatı diplomuna layiq görülüb.
Qeyd edək ki, T.Əliyev Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı alan ilk Azərbaycan alimidir.