CƏMİYYƏT
Azərbaycanlı alimin Ukrayna uğuru
Bakı, 11 iyul, AZƏRTAC
Tanınmış tarixçi-alim Teymur Atayevin “Rusiyanın Qafqaz toqquşmaları. I Pyotrdan İosif Stalinə qədər” kitabının təqdimat mərasimi Ukraynanın Odessa şəhərində baş tutub.
AZƏRTAC xəbər verir ki, VI Beynəlxalq İslamşünaslıq Məktəbi çərçivəsində keçirilmiş tədbirdə Ukrayna, Polşa, Belçika və Azərbaycandan nümayəndələr və qonaqlar iştirak ediblər.
Qeyd edək ki, T.Atayevin Yay İslamşünaslıq Məktəbinin işində iştirakı ilk dəfə deyil. Məktəb auditoriyası onun çıxışlarını həmişə böyük maraqla qarşılayır, bu çıxışlar ətrafında müzakirələr isə əsl elmi mübahisələrə çevrilir.
T.Atayev bu dəfə “Siyasi islam. Kənardan gətirilmiş fenomen və ya şablon?” adlı dərin məzmunlu analitik araşdırmasını təqdim edib. O, elmi əsərində dünya geosiyasi konyunktura bucağından Rusiyanın Qafqaz marağı (son 3 əsrdə) ilə bağlı məsələləri araşdırıb. Bu isə bölgəyə münasibətdə dünya tarixinin bəzi epizodlarına yenidən nəzər salmağa imkan yaradır. Burada Qafqaz ətrafında permanent geosiyasi oyunları təşkil edən neft amilinin vurğulanması xüsusilə vacibdir.
T.Atayev XX əsrin ilk illərində Rusiya imperiyasında vəziyyətin gərginləşməsinə dair öz fərziyyəsini irəli sürür və onu aparıcı neft maqnatlarının mübarizəsi ilə əlaqələndirir. O, 1905-ci ilin ayrı-ayrı hadisələrinə (rus-yapon müharibəsi, erməni-azərbaycanlı toqquşmalarının Bakıdakı avqust dalğası, Rusiyanın cənub bölgəsində yəhudi qırğınları) qeyri-sabitliyin vahid zəncirinin həlqələri kimi baxır. T.Atayev, həmçinin Rusiyanın I Pyotr dövründən başlayaraq öz cənub hüdudlarında “təhlükəsizliyin xristian kəməri” yaratması, bəzi hallarda “erməni soyqırımı” kimi təqdim edilən Osmanlı imperiyasındakı 1915-ci il hadisələri, 1918-ci ildə Bakıda bolşevik-daşnak tandeminin hərəkətverici qüvvələri, ötən əsrin ortalarında sovet hökumətinin azərbaycanlıları Ermənistandan rəsmi şəkildə deportasiya etməsi və s. məsələləri işıqlandırır.
Qafqaz mövzusu ilə yanaşı, müəllif Krım müharibəsi (1853-1856), Berlin konqresi (1878), 1920-ci illərin əvvəllərindəki beynəlxalq konfranslar, “kürd hərəkatı”nın yaranması, Stalinin “İsrail” qəzası və s. vacib geosiyasi hadisələrə ətraflı şəkildə toxunur.
Qeyd edək ki, T.Atayevin “Rusiyanın Qafqaz toqquşmaları. I Pyotrdan İosif Stalinə qədər” kitabının nəşri Bakıdakı “İdrak” İctimai Birliyinin köməyi ilə həyata keçirilib.