ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər Qazaxıstanda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər
Bakı, 16 sentyabr (AZƏRTAC). AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə sentyabrın 25-26-da Qazaxıstanın Almatı şəhərində “XII əsr Qazaxıstanda İslam elmi və mədəniyyətinin tərəqqisi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda iştirak edəcəklər.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi, qardaş ölkənin Ali Təhsil Müəssisələri Assosiasiyası, R.Süleymanov adına Şərqşünaslıq İnstitutu və Turan Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə N.Əliyeva “Orta əsr Azərbaycan alimlərinin Yaxın və Orta Şərq alimləri ilə qarşılıqlı elmi əlaqələri”, S.Nemətzadə isə “Türk-İslam incəsənətinin mücəssəməsi kimi - bədii tərtibatlı və illüstrasiyalı əlyazma kitabları” mövzusunda məruzələrlə çıxış edəcəklər.