REGİONLAR
Azərbaycanlı alimlərin uğuru: tez yetişən və xəstəliklərə davamlı pambıq sortları yaradılıb
Gəncə, 22 sentyabr, AZƏRTAC
Gəncədə fəaliyyət göstərən Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun alimləri daha məhsuldar və xəstəliklərə davamlı yeni pambıq sortları üzərində tədqiqat işlərini uğurla davam etdirirlər. Hazırda institutun seleksiya şöbəsinin alimləri bir neçə xarici və yerli sortların sınağını həyata keçirirlər.
İnstitutun seleksiya şöbəsinin müdiri Ələddin Tağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, vaxtilə 1 milyon ton pambıq istehsal edən respublikamızda bu gün pambıq əkininin azalması və onun istehsalına olan münasibətin zəifləməsi təəssüf hissi doğurur. Lakin alimlər bu vacib bitki üzərində elmi-tədqiqat işlərini uğurla davam etdirirlər. Çəkilən zəhmət isə öz bəhrəsini verir. Artıq daha tez yetişən və xəstəliklərə davamlı olan bir neçə pambıq sortu üzərində sınaq təcrübələri uğurla başa çatıb. Məsələn, “Gəncə-110” və “Selekt” sortları xaricdən gətirilən “Assos” və “Kristina” sortlarından yetişmə müddətinə, hər hektardan məhsuldarlığına, lif çıxımına, lifin uzunluğuna, eləcə də zərərvericilərə qarşı davamlılığına görə fərqlənir. Hazırda əldə olunmuş nailiyyətin fermer təsərrüfatlarında tətbiq edilməsi üçün danışıqlar aparılır. Gələn il respublikamızın bir neçə rayonunda həmin pambıq sortlarının əkilməsi nəzərdə tutulub.