İDMAN
Azərbaycanlı məşqçinin ilk dəfə dünyanın ən yaxşısı seçilməsi ölkə idmanının daha bir uğurudur
Bakı, 17 noyabr (AZƏRTAC). Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən “2012-ci ilin ən yaxşı məşqçisi” elan edilən sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov onun üçün əlamətdar olan bu hadisəni ölkə idmanının daha bir uğuru kimi dəyərləndirmişdir.
Məşqçi AZƏRTAC-a bildirmişdir ki, 2009-cu ildə Azərbaycanda ilin məşqçisi olmuşam, indi isə dünyanın ən yaxşısı seçilmişəm. Təbii ki, bu uğurları təkbaşına qazana bilməzdim. Bizə yaradılan yüksək şəraitə görə Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədova və bütün məşqçi həmkarlarıma minnətdaram. Biz komanda olaraq bir yerdəyik və bu uğur hamımızındır.
Firdovsi Umudov vurğulamışdır ki, bundan sonra da ölkəmizdə güləşin inkişafı, idmançılarımızın parlaq qələbələri üçün durmadan çalışacağam və Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bizə olan etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.