CƏMİYYƏT
Azərbaycanlı mütəxəssis Dünya Səhiyyə Təşkilatının konfransında iştirak etmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Koreya Respublikasının paytaxtı Seulda “Tütünə qarşı mübarizə haqqında” Dünya Səhiyyə Təşkilatının (DST) Çərçivə Konvensiyasına üzv ölkələrin 5-ci konfransı keçirilmişdir.
Beynəlxalq tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov iştirak etmişdir.
İSİM-dən AZƏRTAC-a bildirmişlər ki, konfransda “Tütünə qarşı mübarizə haqqında” DST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsi yolları, tütünlə mübarizə istiqamətində beynəlxalq əlaqələrin gücləndirilməsi və yardım mexanizmlərinin təkmilləşdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, tütün məmulatlarının qanunsuz satışının aradan qaldırılmasına dair protokolun təsdiq olunması barədə qərar qəbul edilmişdir.
Konfransda DST-nin ekspertləri qanunsuz ticarətin tütün epidemiyasının yayılmasına şərait yaradan qlobal problem olduğunu vurğulamışlar.