SİYASƏT
AZƏRBAYCANLI QARDAŞLAR FİLMDƏ BAŞ ROLLARIN İFAÇISIDIR
Erfurt kinematoqrafçılarının çəkdiyi “Gəlmələr bizə yad deyil, doğma olmalıdır” adlı 24 dəqiqəlik qısametrajlı bədii-sənədli filmdə baş rolları 7 il bundan öncə Azərbaycanın Tovuz rayonundan Almaniyaya gəlib burada məskunlaşan Pərvin Muradovun övladları Rauf və Babək ifa etmişlər.
Filmin qəhrəmanları həyatın özündən götürülmüş alman və azərbaycanlı gənclərdir. Qarşıdurmada çəkişən və sonra dostluqda bərkiyən bu gənclər filmin süjetini təşkil edən real hadisənin iştirakçıları olmuşlar. Sonradan isə hadisə haqqında çəkilən filmdə öz rollarında çəkilməyə dəvət edilmişlər. Hadisə isə belə olmuşdur.
... Neofaşist gənclər təşkilatının fəalı, əcnəbilərə nifrət əhval-ruhiyyəsində tərbiyə almış Peter gənc azərbaycanlı Babəki dayanacaqda təhqir edib əzişdirmək istəyir. Yoldan keçənlərin ona köməyə tələsdiklərini görən Peter qaçmağa üz qoyur və avtomobillə vurulur. Erfurt şəhər xəstəxanasına düşən Peter özünə gələndə Raufun (Babəkin qardaşının) ona xidmətçi təyin olunmasından əsəbiləşir və təkidlə əcnəbinin alman xidmətçisi ilə əvəzlənməsini tələb edir. Peterin əcnəbilərə düşmənçilik ruhlu, çılğın, emosional təhqirləri, “Rədd olun, Almaniya almanlarındır!” neofaşist ruhlu şüarları Raufun və sonradan ona xidmətdə köməyə qoşulan Babəkin iradəsini sındırmır. Qardaşlar həftələrlə xəstə alman gəncin çarpayısından uzaqlaşmır, ona qulluq göstərir, Peterə mənəvi cəhətdən saf, insanpərvər, mərhəmətli olmağı təlqin edirlər. Azərbaycanlı gənclərin mənəvi-əxlaqi söhbətləri, əməksevərliyi, xeyirxahlığı, dostluğa vəfalı olmaları, mərdliyi, dözümlülüyü Peteri əcnəbilərə qarşı nifrət və zorakılıq düşüncələrindən uzaqlaşdırır. O, kin-küdurəti bir tərəfə qoyaraq, azərbaycanlı gənclərlə dostlaşır, xəstəxanada yatdığı müddətdə onu yad edib yoluxmayan keçmiş neofaşist dostlarından həmişəlik uzaqlaşır...
Filmin pedaqoji məsləhətçisi Detlev Poller, maliyyələşdiricisi isə Almaniya Federal Ailə, Yaşlılar, Qadınlar və Gənclər Nazirliyidir.
Alman kinoşünası Bumba “Erfurter Maqazin” jurnalında film haqqında yazdığı rəydə onun tərbiyəvi əhəmiyyətini yüksək qiymətləndirərək deyir: müxtəlif dinlərə, irqlərə, mənəviyyata mənsub olan mənəvi qarşıdurmadan yadlaşan gənclərin sonradan barışığa gələrək, vahid dinc ailədə birləşməsinə təlqin edən əxlaqi anlayışlar filmdə güclü qoyulmuşdur. Film hazırda Almaniyada qol-qanad açmış neofaşist ideyalı, əcnəbilərə düşmən meylli alman gənclərinin tərbiyəsində böyük rol oynayacaqdır.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin