MƏDƏNİYYƏT
Azərbaycanlı rejissorun “Mənim doğmalarım” sənədli filmi beynəlxalq sənədli filmlər festivalında nümayiş olunacaqdır
Bakı, 31 mart (AZƏRTAC). Moskvada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılovun “Mənim doğmalarım” adlı sənədli filmi İsveçrədə “Visions du Réel” Beynəlxalq sənədli filmlər festivalında nümayiş olunacaqdır.
AZƏRTAC xəbər verir ki, festival aprelin 19-dan 26-dək İsveçrənin Non şəhərində keçiriləcəkdir.
Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Rusiya Mədəniyyət nazirliklərinin dəstəyi ilə “Sinema evi” (Azərbaycan) və “DS Film” (Rusiya) şirkətləri tərəfindən Tovuz rayonunun Köhnəqala kəndində çəkilmişdir.
Filmin rejissoru Rodion İsmayılov, operatoru Mixail Qorobçuk, bəstəkarı Vladimir Kuptsov, montaj edəni Svetlana Lyadvina, prodüserləri Rodion İsmayılov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.