MƏDƏNİYYƏT
Azərbaycanlı rəssam Pekində keçiriləcək beynəlxalq rəsm sərgisində iştirak edəcəkdir
Bakı, 31 mart (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının (MR) Rəssamlar İttifaqının sədri, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva “Dünyanın və incəsənətin ustadı” mövzusunda Beynəlxalq rəsm sərgisində və “Sülh naminə səyahət” Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibətilə keçiriləcək təntənəli mükafatlandırma mərasimində iştirak etmək üçün Pekinə dəvət olunmuşdur.
AZƏRTAC xəbər verir ki, sərgi aprelin 26-dan 30-dək Pekinin “Xalq görüşləri” evində keçiriləcəkdir.
Beynəlxalq mədəni mübadilə mərkəzi olan “Sülh naminə səyahət” Mərkəzi 2003-cü ildə Çin Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə dəstəyi ilə yaradılmış qeyri-hökumət təşkilatıdır.
Ülviyyə Həmzəyeva həm də Naxçıvan Dövlət Universitetində rəssamlıqdan dərs deyir.
O, 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adlarına layiq görülmüş, 2011-ci ildə muxtar respublikanın Rəssamlar İttifaqının sədri seçilmişdir.