MƏDƏNİYYƏT
Azərbaycanlı tarzən Yakutiyada beynəlxalq festivalda ölkəmizi təmsil edib
Bakı, 29 iyun, AZƏRTAC
Yakutiyada 4-cü “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında festival keçirilib.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Qeyri-maddi və Mənəvi İrs Siyahısına aid olan xalqların mədəniyyətləri və mədəni hadisələri bu festivalda nümayiş etdirilib. Festivala 14 ölkə (Azərbaycan, Böyük Britaniya, Hindistan, Çin, Türkiyə, Koreya, Monqolustan, Ermənistan və s) və Rusiyanın 11 regionu qatılıb. Festivalda Azərbaycanı tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə təmsil edib.
Sahib Paşazadənin orada Gənc Tamaşaçılar Teatrında Yakutiyanın Arko-Artiko Kamera orkestrı ilə birlikdə solo konserti baş tutub. Eyni zamanda, Beynəlxalq Elmi Simpoziumda Sahib Paşazadənin “Tar və onun inkişaf yolları haqqında” geniş məruzəsi də dinlənilib.
Simpoziumdan öncə isə mükafatlandırma mərasimi olub. Gələn qonaqlar arasında sadəcə 4 nəfər mükafatlandırılıb. Mükafatlandırılanlar arasında virtuoz tarzən Sahib Paşazadə var.
Medalla təltif olunan günün axşamı həmyerlimizin Yakutiyada “Oxuyan tar” adlı solo konserti keçirilib. İki gün öncə isə Yakutiyanın “Verxnevilluysk’” kəndində onların məşhur bayramı sayılan “ISIAX”la əlaqədar olan festivalın açılışında çıxış edən həmyerlimiz orada Azərbaycanı çox yüksək səviyyədə təmsil edərək 1 qızıl medal və 3 böyük sertifikat və diplomla təltif edilib.