ELM VƏ TƏHSİL
AZƏRBAYCANLI TƏDQİQATÇILAR ALMANİYADA YENİ JURNAL TƏSİS ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyada yeni “Beynəlxalq əlaqələrin Qafqaz icmalı” (Caucasian Review of International Affairs - CRIA) elmi jurnalının ilk sayı işıq üzü görmüşdür. Jurnal Qafqaz və beynəlxalq münasibətlər mövzularında tədqiqat aparan azərbaycanlı mütəxəssislər tərəfindən təsis edilmişdir.
CRIA ildə dörd dəfə nəşr olunmaqla, qeyri-kommersiya məqsədli akademik jurnaldır. Nəşrin məqsədi Qafqazdakı, xüsusilə də Cənubi Qafqazdakı vəziyyətin peşəkar siyasi və iqtisadi analizini oxuculara təqdim etməkdir.
Jurnal öz səhifələrində beynəlxalq münasibətlərin geniş spektrinə həsr olunmuş yazılara da geniş yer ayırır.
Jurnalın baş redaktoru Nəsimi Ağayev bildirmişdir ki, artıq 2008-ci il qış buraxılışı ilə www.cria-online.org saytına baş çəkməklə tanış olmaq mümkündür. Bu buraxılışda əsas diqqət regional təhlükəsizlik, Ermənistanın Azərbaycana qarşı iddialarının əsassızlığı, Rusiya, Türkiyə və İranın Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik siyasətinə təsiri, NATO ilə münasibətlər və Rusiyada aparılan hərbi islahatlara yönəldilmişdir.
Avstriya, Kanada, Yunanıstan, İran, İspaniya və ABŞ-dan olan tədqiqatçılar öz elmi işlərini jurnalın qış nömrəsində dərc edilməyə təqdim etmişlər. Bu sayda həmçinin Harvard Universitetinin hərbi-siyasi məsələlər üzrə aparıcı mütəxəssisi Kevin Rayan ilə müsahibə də çap edilmişdir.
Avropa və Amerikanın müxtəlif aparıcı elmi mərkəzləri, strateji qrupları və KİV-ləri jurnala abunə yazılmış və əməkdaşlıq etmək arzularını bildirmişlər.
Jurnalın növbəti sayı aprel ayında işıq üzü görəcəkdir.