ELM VƏ TƏHSİL
Azərbaycanlı tələbə Vatikanda IV Ümumdünya Təhsil Konqresində iştirak edib
Vatikan, 8 fevral, AZƏRTAC
Vatikanda dünyanın müxtəlif ölkələrinin təhsil müəssisələri beynəlxalq şəbəkəsi olan “Scholas Occurrentes” tərəfindən IV Ümumdünya Təhsil Konqresi keçirilib.
Tədbirin təşkilinin məqsədi xüsusilə təhsil, incəsənət, idman vasitəsilə sosial inteqrasiyanı və mədəni dəyərləri təşviq etməkdir.
Üç gün davam edən konqresdə sosial inteqrasiya, təhsil, mədəniyyət, idman sahələri üzrə aparıcı ekspertlərin iştirakı ilə debatlar təşkil olunub.
İtaliyanın La Sapienza Universitetinin tələbəsi, həmyerlimiz Orxan Nəbiyevin də qatıldığı tədbirin sonuncu günü Roma Papası Fransisk çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, ümumdünya təhsil paktını yenidən canlandırmaq üçün hər kəs səy göstərməlidir. Cəmiyyətlər, müxtəlif institutlar, təhsil qurumları, ümumiyyətlə müvafiq istiqamətdə öhdəliklərə malik bütün strukturlar bu məsələdə fəal olmalıdırlar.
Daha sonra Roma Papası ABŞ, Cənubi Amerika, Afrika, Avstraliya və Orta Şərqdən olan əlil gənclərlə video-bağlantı vasitəsilə söhbət edərək onların həyat hekayələrini dinləyib.
Sonda Roma Papası tədbirə qatılan gənclərlə, o cümlədən Orxan Nəbiyev ilə görüşüb, onları dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün birləşməyə çağırıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan