MƏDƏNİYYƏT
Azərbaycanlı xoreoqraf Litvaya dəvət edilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın tanınmış rəqqas-xoreoqrafı, Əməkdar Artist Tahir Eynullayev Litvanın Mədəniyyət Nazirliyi tərəfindən rəsmi dəvət alıb. O, Litva Dövlət Rus Dram Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri əsasında rejissoru Yonas Vaytkus tərəfindən səhnələşdirilən eyniadlı tamaşadakı rəqslərə və plastikaya quruluş verəcək.
T.Eynullayev AZƏRTAC-a bildirib ki, bu məqsədlə noyabrda Litvaya yola düşəcək. Tamaşanın premyerası bu il noyabrın 6-8-də Vilnüsdə keçiriləcək. Tamaşanın səhnələşdirilməsində tanınmış xoreoqraf Leokadiya Dabujinskayte Tahir Eynullayevə yardımçı olacaq. Səhnə əsərinin bəstəkarı Algirdas Marginaytis, rəssam Dayva Samayuskaytedir. Tamaşada digər tanınmış xoreoqraflar və rejissorlar da yer alıb.
Qeyd edək ki, 2012-ci ilin noyabr ayında Bakıya dəvət olunmuş Yonas Vaytkus həmin tamaşanı Azərbaycan Dövlət Rus Dram Teatrında səhnələşdirib və tamaşanın xoreoqrafı Tahir Eynullayev olub.
Tanınmış rəqqasımız Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş nüfuzlu beynəlxalq yarışlarda, müsabiqələrdə də ölkəmizi layiqincə təmsil edərək bir sıra mükafatlar qazanıb.