MƏDƏNİYYƏT
Azərbaycanlı yəhudilər Novruz bayramında bir araya gəliblər
Bakı, 22 mart, AZƏRTAC
Düz on il əvvəl İsraildə ilk dəfə Novruz bayramı qeyd edilib və həmin vaxtdan etibarən hər yaz gecə-gündüz bərabərliyi günündə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası çox sevilən, gözəl və şən bahar bayramını qeyd etmək üçün əslən Azərbaycandan olanları bayram süfrəsi arxasına toplayır.
AZƏRTAC xəbər verir ki, bu il bayram tədbiri qədim Akko şəhərində, əslən azərbaycanlı yəhudilərin mərkəzi - “Azİz” Assosiasiyası tərəfindən “Marom” restoranında təşkil edilib. Bu restoran Qafqaz mətbəxinin geniş çeşidli yeməkləri ilə fərqlənir.
“Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bütün həmvətənlərini bu bayram münasibətilə təbrik edib. O, Novruz bayramının nə vaxtsa İsrailin rəsmi bayramlarından biri kimi qeyd ediləcəyinə ümidvar olduğunu bildirib.
Musiqiçilər Tomer Əliyev, Manuel İsakov və gənc istedadlı müğənni Tina İbrahimova, habelə Azərbaycandan gələn müğənni Ceyhun Bakinski qonaqlarda əsl bayram ovqatı yaradıblar.