REGİONLAR
Azərbaycanlılar faşizm üzərində Qələbədə böyük pay sahibi olublar VİDEO
Xırdalan, 9 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 9-da Abşeron rayonunda faşizm üzərində Qələbənin 72-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Qələbə bayramının iştirakçıları əvvəlcə həmyerliləri Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Novxanı kəndində ucalan abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri düzüb, xatirəsini anıblar.
AZƏRTAC xəbər verir ki, sonra tədbir Xırdalan şəhərinin mərkəzində müharibə qurbanlarının xatirəsinə ucaldılmış “Ana” abidəsi qarşısında davam etdirilib. İştirakçılar abidənin önündə alovlanan əbədi məşəl önünə əklil qoyub və güllər düzüblər.
Tədbirdə çıxış edənlər müharibə illərində Azərbaycanın ön cəhbəni yanacaq, silah, ərzaq, geyimlə təmin etdiyini, Sovet ordusunun demək olar ki, bütün hərbi texnikasının məhz Bakı nefti ilə işlədiyini, azərbaycanlıların döyüşlərdə qəhrəmanlıq göstərdiklərini və Qələbədə böyük pay sahibi olduqlarını bildiriblər.
1941-1945-ci illər müharibəsinin iştirakçıları ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə diqqət və qayğının bərpa olunduğunu minnətdarlıqla diqqətə çatdırıblar.
Sonra müharibənin ağrılı-acılı günlərini xatırladan ədəbi bədii kompozisiya nümayiş olunub. Qələbə bayramında milli ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, Xırdalanın ayrı-ayrı məktəblərinin “Şahin” hərbi-idman oyununda iştirak etmiş komandaları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələri boyunca hərəkət ediblər. Parad abşeronlularda böyük ruh yüksəkliyi yaradıb.