SİYASƏT
Azərbaycanlıların Koordinasiya Mərkəzində “Berlinə xoş gəlmisiniz” adlı tədbir keçirilmişdir
Berlin, 17 dekabr (AZƏRTAC). Dekabrın 15-də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) ölkənin müxtəlif şəhərlərində təhsil alan tələbələrin iştirakı ilə “Berlinə xoş gəlmisiniz!” mövzusunda tədbir keçirilmişdir.
Berlində tibb ixtisası üzrə təhsil alan Səbahət Məmmədovanın təşəbbüsü və AAKM-in təşkilati dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Almaniyada oxuyan tələbələrin görüşünə, bir-birilə ünsiyyət qurmasına, onların şəbəkələndirilməsinə şərait yaratmaq olmuşdur.
AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev tədbir iştirakçılarına xoş arzularını bildirmişlər.
Tələbələr belə görüşlərin davamlı keçirilməsinin, Berlinə yeni gələn tələbələrin tez bir zamanda ölkənin ictimai həyatına uyğunlaşmasının, eləcə də digər həmvətənlərlə əlaqəsinə imkan yaradılmasının vacibliyini vurğulamışlar.
Berlində bir ildən artıq fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin sədri İbrahim Əhmədov tələbələri cəmiyyətin fəaliyyəti ilə tanış etmiş, onları bu şəbəkəyə qoşulmağa çağırmışdır.
Tədbir süfrə arxasında və bədii proqramla davam etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin