İQTİSADİYYAT
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeni soyuducu anbar kompleksi istifadəyə verilib
Tbilisi, 18 aprel, AZƏRTAC
Gürcüstana səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev aprelin 18-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olub.
SOCAR-ın prezidenti rayonun Candar kəndində Azərbaycanın "Aqroinvest 146" tikinti şirkəti tərəfindən inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak edib.
Açılış mərasimində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın Baş nazirinin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat verilib ki, 2011-ci ildən Tbilisidə fəaliyyət göstərən "Aqroinvest 146" ASC Gürcüstanda çox mühüm layihələr həyata keçirir. Onlardan biri də yeni istifadəyə verilən soyuducu anbar kompleksidir.
Tikintisinə 2013-cü ildə başlanılan kompleks 2 hektar ərazini əhatə edir və burada ofis, köməkçi binalar, soyuducu kameralar, enerji təminatı transformatorları və digər qurğular tikilib.
Soyuducu anbar kompleksində 12 kamera var və soyuducu sistem 4250 kvadratmetr sahəni əhatə edir. Hava temperaturu -5 dərəcədən -20 dərəcəyədək olan 2 kamera ət və balıq məhsulları üçün nəzərdə tutulub. Temperaturu -5 dərəcədən + 5 dərəcəyədək olan 10 kamerada isə meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları saxlanılacaq.
Anbar kompleksinin soyuducu sistemini "Akkord Georgia" təchiz edir. Sistem Türkiyənin "İMGE" şirkəti tərəfindən müasir standartlara uyğun tikilib və burada Almaniyada istehsalı olan avadanlıq quraşdırılıb.
Bildirilib ki, kompleksin tikintisinə 7 milyon ABŞ dolları vəsait xərclənib. Soyuducu qurğuların dəyəri 1,1 milyon dollardır.
Kompleksdə 50 nəfərədək Marneuli sakini işlə təmin olunacaq və bu soyuducu Kvemo-Kartli bölgəsinə xidmət edəcək.
Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, yeni istifadəyə verilən soyuducu anbar kompleksi Azərbaycan Prezidentinin Gürcüstanda yaşayan soydaşlarımıza hədiyyəsidir. Gələcəkdə də Azərbaycan şirkətləri tərəfindən azərbaycanlıların yaşadıqları bölgələrdə iri layihələr həyata keçiriləcək.
"İnanıram ki, gələcəkdə bu region daha da inkişaf edəcək və soydaşlarımızın sosial həyat tərzi daha da yaxşılaşacaq", - deyə R.Abdullayev vurğulayıb.
Georgi Kvirikaşvili isə bildirib ki, bu kompleks Kvemo-Kartli bölgəsində kənd təsərrüfatının inkişafına təkan verəcək: "Bu soyuducu anbarın tutumu 2100 ton müxtəlif ərzaq üçün nəzərdə tutulub və burada 1000 ton kənd təsərrüfatı məhsulları saxlamaq olar. Bizim fermerlər soyuducunun imkanlarından istifadə edəcək və daha keyfiyyətli məhsullar yetişdirəcəklər. Mən bu kompleksin tikintisi üçün Azərbaycan Prezidentinə və SOCAR-ın rəhbərliyinə təşəkkür edirəm."
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi