İQTİSADİYYAT
“Azercell” gənc biznesmenlər üçün yeni imkanlar yaradan proqrama başlamışdır
Bakı, 15 mart (AZƏRTAC). “Azercell Telekom” MMC elm və texnologiya sahəsində gənc biznesmenlər üçün yeni imkanlar yaradan proqrama başlamışdır.
Proqram “Barama” İnnovasiya Mərkəzi, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən reallaşdırılır.
Şirkətdən AZƏRTAC-a bildirmişdir ki, ardıcıl olaraq keçirilən proqramın əsas məqsədi sahibkarlığı təşviq etmək və ölkəmizdə texnologiya sahibkarlığını dəstəkləməkdir.
Layihə bir neçə mərhələdən ibarətdir. Proqrama qatılmaq istəyənlər informasiya, mobil və yaşıl (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarını təqdim etməlidirlər. Daha sonra seçilmiş layihə müəllifləri təlim və seminarların iştirakçıları olmalıdırlar.
Növbəti mərhələdə finala çıxan 6 layihə müəllifi ABŞ-ın Boston, San-Fransisko, Los-Anceles və Austin şəhərlərində təlimlərə qatılacaqlar. Sonuncu mərhələdə beynəlxalq hakimlərin də daxil olduqları münsiflər heyəti tərəfindən seçilən 3 qalib komandaya öz biznes ideyalarını reallaşdırmaq üçün qrant mükafatı təqdim olunacaqdır.
Proqram haqqında əlavə məlumatı və müraciət formasını www.barama.az saytından əldə etmək mümkündür. Müraciətlər elektron variantda aprelin 7-dək qəbul olunur.