İQTİSADİYYAT
“Azercell Telekom”un yeni kampaniyalarının təqdimatı olmuşdur
Bakı, 13 mart (AZƏRTAC). “Azercell Telekom” MMC martın 12-də -Novruz bayramı ərəfəsində yeni kampaniyalarının təqdimatını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, şirkətin rəhbəri Kiril Qaburuç ”Bahar”, “Limitsiz internet” və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya” aksiyaları barədə məlumat vermişdir.
Bildirilmişdir ki, “Bahar” kampaniyası çərçivəsində “Samsunq” telefonlarının müəyyən modellərini 1 manat ödəməklə əldə edən abonentlər hər ay telefon modelindən asılı olaraq 25,50,55 və 60 manat ödəməklə 18 ay ərzində müvafiq olaraq hər ay ölkədaxili 200 dəqiqəyədək danışıq, 200-dək pulsuz SMS və 2 giqabayt (GB) həcminədək internet trafiki hədiyyə alacaqlar. Kampaniyada “Samsunq” ¹7100 (Note II), i9300 ((S3), i9100 (S2) və s5830 ACE modelləri iştirak edir.
“Limitsiz internet” kampaniyası istifadəçilərə 3GMAX modemini verəcəkdir. Abonentlər 10 faktura dövrü ərzində 9 manat ödəməklə 4GB həcmli (hər faktura üçün) mobil internet paketindən istifadə edə biləcəklər. Əsas paket bitdikdən sonra isə abonentlər faktura dövrünün sonunadək internetdən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Kampaniyada, həmçinin korporativ abonentlər də iştirak edə biləcəklər və onlar üçün 20 faiz endirim də nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya” aksiyası bir il ərzində davam edəcəkdir. Kampaniya ölkəmizin ərazi bütövlüyünün qorunmasında iştirak etmiş Qarabağ müharibəsi veteranlarına öz adına olan bir nömrənin balansına yüklədikləri hər məbləğə görə əlavə eyni həcmdə bonus əldə etmək imkanı yaradacaqdır. Bonuslar 30 gün ərzində qüvvədə olacaq və şəbəkədaxili zənglər, SMS və MMS üçün nəzərdə tutulmuşdur. Bonuslar növbəti aya keçirilmir. Aksiyaya qoşulmaq üçün abonentin “Azercell” müştəri xidmətləri mərkəzlərində şəxsiyyət və veteran vəsiqələrini təqdim etməsi kifayətdir.
Təqdimat mərasimində, həmçinin şirkətin həyata keçirdiyi sosial layihələrdən ikisinin - “Mobil diş” və “Mobil göz” klinikalarının fəaliyyətinin yeni mərhələsi barədə məlumat verilmişdir.
Novruz ərəfəsində “Azercell”in internet səhifəsi də yenilənmişdir. Dəyişikliklər saytda abonentlər üçün nəzərdə tutulan müxtəlif xidmətləri əhatə edir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.