CƏMİYYƏT
“Azercell”in dəstəyilə peşə təhsili sahəsində yeni layihəyə start verilir
Bakı, 13 oktyabr, AZƏRTAC
“Azercell Telekom” MMC “British Council Azərbaycan” ilə birlikdə peşə təhsili sahəsində İKT və telekommunikasiya istiqaməti üzrə yeni layihə həyata keçirəcək. Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində peşə məktəblərində İKT və Telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və qabiliyyətlərinin artırılması və həmin məktəblərdə fəaliyyət göstərən müəllimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “İş dünyası üçün bacarıqlar” adlı layihənin əsas məqsədi təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ölkədə peşə təhsilinin inkişafına töhfə verməkdir. Bu layihə çərçivəsində Bakıda yerləşən İKT və Telekommunikasiya ixtisası tədris edilən peşə məktəblərinin şagirdlərinin sahibkarlıq və işgüzar etikanın əsasları, həmçinin, işə hazırlıq bacarıqları üzrə təlimlərdə iştirakı da nəzərdə tutulub. Təlimləri uğurla bitirən şagirdlər “Azercell” təşkilatının dəstəyi ilə sahə üzrə təcrübə proqramı keçmək imkanını qazanacaqlar. Həmçinin, layihə çərçivəsində həmin peşə məktəblərində fəaliyyət göstərən müəllimlər üçün təlim modelləri, bacarıqlar və strategiyalar, yerli mühit və münasibətlərin qurulması mövzuları üzrə təlimlər təşkil ediləcək. Müəllimlər üçün təlimlər Böyük Britaniyadan dəvət olunan mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Layihədə Bakıda yerləşən peşə məktəblərinin İKT və Telekommunikasiya ixtisası üzrə təhsil alan seçilmiş 120 nəfər sonuncu kurs şagirdləri və həmin məktəblərin eyni ixtisas üzrə çalışan 30 nəfər müəllimlərin iştirak edəcək.