İQTİSADİYYAT
“Azəri M-İ Drillinq Fluids” LTD-nin 15 illik yubileyi qeyd edilmişdir
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 22-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev “Azəri M-İ Drillinq Fluids” LTD Birgə Müəssisəsinin yaradılmasının 15 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş qonaqlar və müəssisənin əməkdaşları ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, birgə müəssisənin yaradılmasının 15 illiyinin Azərbaycan neft-qaz sənayesi üçün əlamətdar hadisə olduğunu bildirən R. Abdullayev yubiley tədbirlərində iştirak etmək üçün müəssisənin həmtəsisçisi “M-İ Swako” şirkətinin prezidenti Joseph P. Bachonun, Rusiya və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Vladimir Kuksovun, habelə ana müəssisəsi “Schlumberger” şirkətinin qazma qrupu üzrə prezidenti Steve Orrun Bakıya səfərini yüksək qiymətləndirmişdir. Ötən 15 ilin əməkdaşlığın səmərəli və məhsuldar birgə fəaliyyətlə yadda qaldığını söyləyən R. Abdullayev “Azəri M-İ Drillinq Fluids” LTD birgə müəssisəsinə daha böyük uğurlar arzulamışdır.
“Schlumberger” şirkətinin qazma qrupu üzrə prezidenti Steve Orr ARDNŞ ilə əməkdaşlığı yüksək qiymətləndirmiş, əldə olunan nailiyyətlərin başlıca səbəbini birgə fəaliyyətin düzgün qurulması ilə izah etmişdir. O, birgə müəssisənin səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradıldığına və daimi dəstək göstərildiyinə görə ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirmişdir. Steve Orr demişdir: “Bilirik ki, Azərbaycanın neft tarixi çox qədimdir. İstərdik ki, nə vaxtsa neft sənayenizin müasir tarixi haqqında kitab yazılsa, bizim də adımız bir cümlə ilə qeyd olunsun. Biz dünyanın qədim neft diyarı Azərbaycanda çalışmağımızdan qürur duyuruq”.
Xoş sözlərinə görə qonağa təşəkkürünü bildirən ARDNŞ prezidenti qarşıdakı illərdə Azərbaycanın neft-qaz sektorunda genişmiqyaslı layihələrin həyata keçiriləcəyini, bu layihələr çərçivəsində hazırda işlənilən və yeni açılmış yataqlarda qazma işlərinin həcminin artacağını söyləmişdir. Bu məqsədlə cari ildən başlayaraq yeni qazma qurğularının inşasına başlanılacağını nəzərə çatdıran R.Abdullayev layihələrin uğur qazanması üçün qazma prosesinin keyfiyyətinin daha da yüksəldilməsi zərurətini vurğulamışdır. O, “Azəri M-İ Drillinq Fluids” LTD birgə müəssisəsinə böyük ümidlər bəslənildiyini bildirmiş, qeyd etmişdir ki, müəssisə yerli işçilərin qüvvəsindən səmərəli istifadə etməklə yanaşı, yeni kadrların hazırlığına da xüsusi diqqət ayırmalıdır. Rövnəq Abdullayev demişdir: “Birgə fəaliyyətimizin davam və inkişaf etdirilməsinin fəlsəfəsi yeni texnologiyaların tətbiq edilməsinə və gənc mütəxəssislərin hazırlanmasına əsaslanmalıdır”. Daha sonra o, yaradılmasının 15-ci ildönümü münasibəti ilə “Azəri M-İ Drillinq Fluids” LTD Birgə Müəssisəsinin bir qrup işçisinin ARDNŞ-nin mükafatları ilə təltif olunduğunu bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.