İQTİSADİYYAT
“Azərikimya” İB-in gənc mütəxəssisləri “Petkim”də təcrübə keçmək üçün Türkiyəyə yola düşmüşlər
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (İB) bir qrup gənc mütəxəssisi dünyanın nüfuzlu neft-kimya şirkətlərindən olan “Petkim” Neft-Kimya Holdinqində təcrübə keçmək üçün Türkiyənin İzmir şəhərinə ezam olunmuşdur.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, İB-in müəssisələrində aparılan yenidənqurma işləri, o cümlədən etilen-polietilen zavodunda Almaniyanın “Lurge” firmasının istehsalı olan qızdırıcı qurğunun, Türkiyə və Almaniya mütəxəssislərinin iştirakı ilə müasir tipli, kompyuter sistemi ilə idarə olunun yüksək məhsuldarlığa malik qablaşdırma maşınının quraşdırılması xidmət personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələsini qarşıya mühüm vəzifə kimi qoymuşdur.
“Azərikimya” tərəfindən “Petkim”ə ezam olunmuş gənc mütəxəssislər istehsalın avtomatlaşdırılması, metroloji təminat, doldurma-qablaşdırma proseslərinin iş prinsipi və idarə olunması, həmçinin etilen-polietilen istehsalatında əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlim, təcrübə və tədris kurslarında iştirak edəcəklər.