İQTİSADİYYAT
“Azərikimya” İstehsalat Birliyində əsaslı təmirin yekununa həsr olunmuş müşavirə keçirilmişdir
Sumqayıt, 27 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ( ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin akt zalında etilen-polietilen zavodunda aparılan əsaslı təmirin yekunu ilə əlaqədar geniş müşavirə keçirilmişdir.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əsaslı təmir zamanı əməyin mühafizəsi qaydalarına əməl olunmasının vəziyyətinə həsr edilən və təmirə məsul şəxslərin qatıldığı müşa¬virəni İstehsalat Birliyinin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açdıqdan sonra müvafiq şöbənin hesabatı dinlənilmişdir.
Prinsipiallıq və özünütənqid şəraitində keçən müşavirədə qeyd olunmuşdur ki, təmirdən öncə etilen-polietilen zavodunun istehsalat sahələrində ciddi araş¬dırmalar aparıl¬mış, mümkün ola biləcək təhlükə risklərinin dərəcəsi müəyyənləşdirilmiş, mühən¬dis-texniki işçilərin və fəhlələrin təlimatlandırılması mövcud standartlar səviyyəsində təşkil edilmiş, yüksəklikdə işləyənlər üçün maksimum təhlükəsizlik şəraiti yaradılmış, qəza-xilasetmə dəstələrinin və sənaye-sanitar laboratoriyasının işi yaxşı səviyyədə qurul¬muş¬dur. Məhz bunun nəticəsidir ki, bir aydan artıq davam edən əsaslı təmir zamanı bir dəfə də olsun zədə və xəsarət faktı qeydə alınmamışdır. Bununla belə, təmir zamanı iş yerlərinin təmiz saxlanılmaması, fərdi müha¬fizə vasitələrindən istifadə, sənədləşmə işlərinin qaydaya uyğun aparılmaması, ayaqal¬tıların normal quraşdırılmaması və s. ilə bağlı müəyyən nöqsanlar qeydə alınmış, birliyin əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsi əməkdaşlarının müdaxiləsindən sonra qaydanı pozan şəxslərə xüsusi xəbərdarlıq kartları tətbiq edilməklə, nöqsanlar aradan qaldırılmışdır.
Əsaslı təmir işlərinə etilen-polietilen zavodunun təmirçiləri ilə yanaşı, birliyin təmir-tikinti idarəsinin, mexaniki təmir zavodunun aparıcı briqadaları, həmçinin nəqliyyat və xüsusi texnika idarəsinin maşın-mexanizmləri cəlb olunmuş, bu məqsədlə ümumilikdə 430 nəfər təhlükəsizlik texnikası qaydaları üzrə tam təlimatlan¬dırıl¬mışdır.