İQTİSADİYYAT
“Azərikimya” İstehsalat Birliyində hazır məhsulun qablaşdırılması üçün yüksək məhsuldarlıqlı yeni maşın quraşdırılmışdır
Sumqayıt, 7 dekabr (AZƏRTAC). Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində sexlərin və istehsalatların yenidən qurulması və yenilənməsi, texnoloji avadanlığın modernləşdirilməsi işləri uğurla davam edir. Etilen-polietilen zavodunda bir sıra istehsalatların yenidən qurulması və texniki baxımdan yenilənməsi işlərini uğurla başa çatdırmış kimyaçılar “Polimer-120” istehsalat kompleksində qablaşdırma üçün texnoloji qurğunu dəyişməyə başlamışlar. ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu günlərdə etilen-polietilen zavodunda hazır məhsulun – yüksək təzyiqə davamlı polietilenin qablaşdırılması üçün yeni maşının yığılması və test sınaqları tamamilə başa çatdırılmışdır.
Kimyaçılar hələ bu ilin əvvəlində tender elan etmiş, ciddi marketinq araşdırmaları aparmışlar. Məlum olmuşdur ki, Almaniya və Türkiyə firmalarında istehsal edilən qablaşdırma maşınları özünün texniki göstəricilərinə və rentabelliyə görə daha münasibdir. Yeni texnoloji xətt bu firmaların mütəxəssisləri tərəfindən quraşdırılmışdır. Onlar müvafiq avadanlığı hazır məhsulun axın xətti üzərində, konveksiya sexində montaj etmişlər. İyirmi ildən artıq işləmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş qablaşdırma maşını kompyuter sistemi ilə idarə edilən yüksək məhsuldarlıqlı qurğu ilə əvəz edilmişdir.
Yeniliyin üstünlükləri çoxdur: bu müasir maşının istehsal gücü saatda 30 tona bərabərdir. Yeri gəlmişkən, bu rəqəm əvvəllər istifadə edilən üç qurğunun gücündən dörd dəfə çoxdur. Kimyaçılar bildirirlər ki, yeni mexanizmin mühüm xarakteristikalarında biri enerjiyə qənaətdir. Bundan əlavə, yeni qurğu həm istismarda təhlükəsiz olduğuna, həm də istehsalatın ekoloji təmizliyini təmin etdiyinə görə nadir avadanlıqdır. Onun daxilində quraşdırılmış effektiv sistem istehsalatda yaranan tozu udaraq onun sexdə yayılmasının qarşısını alır. Bu, xidməti heyətin sağlamlığının qorunmasına müsbət təsir göstərəcəkdir.
Elektron-avtomat sistemlə, ölçü və avtomatlaşdırma cihazları ilə təchiz olunmuş yeni maşına xidmət edəcək kimyaçılar onun yığılmasında və quraşdırılmasında iştirak etmiş alman və türk mütəxəssislərin rəhbərliyi altında treninq keçmişlər.