İQTİSADİYYAT
“Azərikimya” İstehsalat Birliyində Litvanın Azərbaycandakı səfiri ilə görüş olmuşdur
Sumqayıt, 11 mart (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində (İB) Litvanın Azərbaycandakı səfiri Kestusis Kudzmanas ilə görüş olmuşdur.
Birliyin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyan görüşdə qonağa Sumqayıtın 67 illik tarixə malik neft-kimya kompleksinin inkişaf mərhələləri, son illərdə əldə olunmuş istehsalat uğurları, texnoloji qurğularda aparılan yeniləşmə və modernləşmə prosesləri, yaxın gələcəkdə reallaşdırılacaq irimiqyaslı layihələr, o cümlədən Sumqayıtda azot gübrəsi (karbamid) zavodunun inşası, şəhərin iqtisadi potensialının artmasında mühüm rol oynayacaq Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı görülən ilkin hazırlıq tədbirlərindən danışılmışdır.
Litvalı diplomat vaxtilə iki ölkənin sənaye sahəsində, xüsusilə neft-kimya sənayesi üzrə qarşılıqlı iqtisadi əlaqələrin mühüm əhəmiyyət kəsb etməsindən, bu əlaqələrin bərpasının vacibliyindən söhbət açmışdır.
Görüş zamanı neft-kimya sənayesində əlaqələrin bərpası və gücləndirilməsi istiqamətində əlverişli, qarşılıqlı-faydalı imkanların, yüksək potensialın olduğu bildirilmişdir. “Azərikimya” İB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qarşılıqlı maraq doğuran gorüşdə Azərbaycan və Litvanın dövlət strukturları və iş adamlarının iştirakı ilə geniş müzakirələr keçirilməsinin və birgə əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilərək, konkret fəaliyyət göstərməyin vacibliyi vurğulanmışdır.