İQTİSADİYYAT
“Azərikimya”da əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işçilərin imtahanlarına başlanılmışdır
Bakı, 19 iyun (AZƏRTAC). ARDNŞ-in bütün idarə və müəssisələrində olduğu kimi, “Azərikimya” İstehsalat Birliyində də son illər insan amilinə, əməyin mühafizəsinə, işçilərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, birlik tərəfindən əmək şəraitinin yaxşılaşdırılması və profilaktik təhlükəsizlik tədbirlərinin görülməsi ilə yanaşı, hər bir əməkçinin texniki təhlükəsizlik qaydalarına dərindən bələd olması üçün də mühüm işlər görülür. İşçi personalının əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını mükəmməl bilməsi üçün ilin əvvəlindən başlayaraq, ayda bir neçə dəfə olmaqla xüsusi treninqlər keçirilmişdir. Təlim-treninqlər müəssisələrdə, ayrı-ayrı sex və istehsalat sahələrində yaradılmış xüsusi ixtisaslaşdırılmış kabinetlərdə müvafiq slayd-filmlər nümayiş etdirilməklə, əyani vəsaitlərdən istifadə etməklə aparılmışdır. Birlik üzrə nəzəri və praktik təlim-treninqlər başa çatdıqdan sonra test imtahanlarına başlanılmışdır.
“Azərikimya” İB-nin şöbələri üzrə keçirilmiş test-sınaq imtahanları mühəndis-texnik işçilərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə kifayət qədər yüksək nəzəri və praktiki biliyə malik olduqlarını nümayiş etdirmişdir. Birlik işçiləri ümumilikdə 450-yə qədər müxtəlif mövzunu əhatə edən suallara düzgün cavab vermişlər. Nəticələr imtahandan dərhal sonra “Azərikimya” İB-nin imtahan komissiyası tərəfindən müəyyənləşdirilmişdir. Birliyin 100 nəfərə yaxın mühəndis və texniki işçisi test imtahanlarını müvəffəqiyyətlə başa vurmuşdur. İyun ayının sonuna kimi “Azərikimya” İB-nin idarə və müəssisələrinin bütün işçi personalı imtahan verəcək, onların hər birinə müvafiq vəsiqələr təqdim ediləcəkdir.