İQTİSADİYYAT
“Azəriqaz” İB-də əməyin mühafizəsinə diqqət artırılır
Bakı, 22 iyul AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası cari ilin ikinci rübündə Birliyin idarə və müəssisələrində aparılmış yoxlamaların nəticələrinə həsr olunmuş geniş toplantı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə tabeli təşkilatların baş mühəndisləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndislər, komissiya üzvləri və İB idarəetmə aparatının aidiyyəti şöbələrinin əməkdaşları iştirak etmişlər.
Komissiyanın sədri, “Azəriqaz” İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Aydınbay Amanov son illər Birlik tərəfindən əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. O qeyd etmişdir ki, cari ilin ikinci rübündə İB-nin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası tərəfindən “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nə uyğun olaraq 22 tabeli təşkilatda əmək şəraitinin vəziyyəti yoxlanılmış, bu sahədə əldə olunmuş nailiyyətlərlə yanaşı, bir sıra nöqsanların da mövcudluğu müəyyən edilmişdir. A.Amanov həmin nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini vurğulamışdır.
Komissiyanın üzvü, Birliyin təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi Abbasəli Quliyev yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması yollarından danışmışdır.
Daha sonra yoxlama nəticəsində aşkar edilmiş nöqsanlarla bağlı təşkilatların baş mühəndislərinin izahatları dinlənilmişdir.