İQTİSADİYYAT
“Azəriqaz” İB-də növbəti “açıq mətbuat saatı” keçirilmişdir
Bakı, 5 avqust (AZƏRTAC). Avqustun 5-də “Azəriqaz” İstehsalat Birliyində (İB) növbəti “açıq mətbuat saatı” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, İB-nin rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin mühəndisi Rasim Əhmədov və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov qurumun fəaliyyəti, qaz təsərrüfatının istismarı məsələləri ilə bağlı vətəndaşların və jurnalistlərin suallarını cavablandırmışlar.
T.Kazımov jurnalistlərə məlumat vermişdir ki, aprel ayından etibarən keçirilən “açıq mətbuat saat”larında quruma daxil olmuş müraciətlərin böyük əksəriyyəti yerindəcə cavablandırılmışdır.
Şikayətlərin daha çox Xəzər və Sabunçu rayonlarından daxil olduğunu diqqətə çatdıran R.Əhmədov problemlərin həlli istiqamətində atılan addımlardan danışmışdır. Bildirmişdir ki, payız-qış mövsümü ilə bağlı texniki təchizat üç dəfə artırılacaqdır. Bakıətrafı kənd və qəsəbələrin Avropa standartlarına uyğun olaraq qaz təchizatı sisteminin, o cümlədən də idarəetmə sisteminin yenidən qurulması məqsədi ilə İB Almaniyanın bir neçə şirkəti ilə əməkdaşlıq edir.
Sonda bir daha abonentlərin diqqətinə çatdırılmışdır ki, qaz təchizatı sistemində hər hansı xoşagəlməz halla rastlaşdıqda “104” telefon xidmətinə müraciət etsinlər.