İQTİSADİYYAT
“Azəriqaz” İstehsalat Birliyində işçilərin sosial vəziyyəti daim diqqət mərkəzində saxlanılır
Bakı, 10 iyul (AZƏRTAC). “ARDNŞ-in işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyinin (İB) idarə və təşkilatlarında çalışan aztəminatlı işçilərə 238 min 194 manat maddi yardım göstərilmişdir.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 24 işçi vəfat etdiyinə görə onların ailə üzvlərinə 44 min 880 manat, 111 işçinin ailə üzvü vəfat etdiyinə görə 51 min 467,5 manat, 1 nəfər Qarabağ müharibəsində vəfat etmiş işçinin övladına 233,5 manat, vəfat etmiş işçilərin azyaşlı uşaqlarına 98 min 489 manat, həmçinin ARDNŞ prezidentinin razılığı əsasında 3 nəfərin ailə üzvləri ilə birlikdə müalicəsi üçün 410 min 20 manat maddi yardım ödənilmişdir.
Birliyin daim diqqət mərkəzində saxladığı sosialyönümlü məsələlərdən biri də Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinə qayğı göstərilməsidir. Bu gün “Azəriqaz”ın idarə və təşkilatlarının balansındakı binalarda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin əksər hissəsi Birliyin idarə və təşkilatlarında işlə təmin olunmuşdur.
İşçilərin və onların ailə üzvlərinin istirahətinin səmərəli keçirilməsi də Birliyin sosial siyasətinin tərkib hissəsidir. Belə ki, 2012-ci ilin ötən dövrü müddətində müalicəyə ehtiyacı olan qaz təsərrüfatı işçilərindən 95 nəfəri sanatoriyaya, 106 nəfəri isə istirahət zonalarına göndərilmişdir. Bundan başqa, builki yay mövsümündə min nəfərə yaxın işçinin və onların ailə üzvlərinin respublikanın ayrı-ayrı regionlarındakı istirahət mərkəzlərinə göndərilməsi planlaşdırılmışdır. İşçilərin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi də təmin edilir.
Bundan başqa, işçilər ARDNŞ-in tibbi sığorta Proqramı çərçivəsində sığortalanmışlar ki, bu da onların özlərinin və müəyyən güzəştlərlə ailə üzvlərinin respublikanın müxtəlif ixtisaslaşdırılmış klinikalarında müalicə olunması baxımından mühüm əhəmiyyət daşıyır.