İQTİSADİYYAT
“Azərkosmos” ASC COPUOS-un iclasında təmsil olunmuşdur
Bakı, 29 aprel (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) nəzdindəki Hüquq Alt Komitəsinin Vyanada keçirilmiş 52-ci iclasında iştirak etmişdir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən “Azərkosmos”un hüquqşünası Arzu Məmmədova Azərbaycanda kosmik sahənin inkişafı və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı vəziyyət barədə ətraflı məlumat vermişdir.
İclasda BMT-nin kosmik fəzaya dair mövcud beş sazişinin hazırkı tətbiqi vəziyyəti, beynəlxalq, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının kosmik hüquqla bağlı fəaliyyəti və kosmik fəzada nüvə enerji mənbələrindən istifadəyə dair qəbul olunmuş prinsiplər nəzərdən keçirilmişdir. Bundan əlavə, kosmik fəzanın hüdudlarının müəyyən edilməsi, geostasionar orbitin bərabərhüquqlu və məqsədyönlü şəkildə istismarı, üzv ölkələrdə kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair uyğun qanunvericilik bazasının yaradılması, kosmik hüquq sahəsi ilə kadr ehtiyatlarının inkişaf etdirilməsi kimi mövzulara dair geniş fikir mübadiləsi aparılmışdır.
İclasda kosmik tullantıların idarə edilməsi və kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.