CƏMİYYƏT
“Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşının MMC-ə məxsus pul vəsaitlərini mənimsəməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 4 avqust, AZƏRTAC
“Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Yevlax Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatına görə, aparılmış araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.