AZƏRTAC 85 İLLİYİNİ QEYD EDİR
Martın 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın 85 illiyi tamam olmuşdur. Bu münasibətlə agentlikdə geniş kollegiya iclası keçirilmişdir.
Agentliyin əməkdaşları səhər tezdən Fəxri xiyabana gedərək, ulu öndər, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, xalqımızın dahi oğlunun məzarı önünə təzə-tər güllər düzmüş, ona Allahdan rəhmət diləmişlər.
Azərbaycanın görkəmli oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın da nurlu xatirəsi yad olunmuş, unudulmaz alimin məzarı üstünə tər çiçəklər qoyulmuşdur.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin 85 illik yubileyi ilə əlaqədar keçirilən geniş kollegiya iclasında ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iclası açaraq, Azərbaycan Prezidentinin sərəncamları ilə yubiley ərəfəsində əməkdaşların bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi və “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsini kollektivin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi.
O, xalqımızın ümummilli lideri Heydər Əliyevin mətbuata, o cümlədən AZƏRTAC-a daim diqqət və qayğı göstərdiyini xatırlatdı, bu yüksək mükafata görə ulu öndərimiz Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevə kollektiv adından dərin minnətdarlığını bildirdi.
Son dövrdə AZƏRTAC-ın nüfuzunun getdikcə artdığını, beynəlxalq əlaqələrinin genişləndiyini bildirən natiq, bütün bunların agentliyin dünya informasiya məkanına çıxmasına, Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına imkan yaratdığını vurğuladı. Xatırladıldı ki, hazırda agentlik hər gün dünyanın 60-dan çox ölkəsinə Azərbaycan, ingilis və rus dillərində xəbərlər göndərir.
İclasda çıxış edənlər AZƏRTAC-ın keçdiyi tarixi yola nəzər saldılar, ölkəmizdə mətbuat və söz azadlığının təmin olunması üçün xalqımızın dahi oğlu Heydər Əliyev tərəfindən yaradılmış şəraitdən və həmin xəttin bu gün də davam etdirilməsindən danışdılar, AZƏRTAC-a göstərilən etimadı doğrultmaq, Azərbaycanı dünyaya daha geniş tanıtmaq üçün bundan sonra da var qüvvə ilə çalışacaqlarını söylədilər.
Azərbaycan Prezidenti İlham Əliyevə AZƏRTAC-ın kollektivi adından müraciət qəbul olundu.