İDMAN
AzərTAc ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan edilmişdir
Bakı, 25 dekabr (AZƏRTAC). Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Azərbaycan Dövlət Teleqraf Agentliyini (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan etmişdir.
AZƏRTAC xəbər verir ki, AİJA çoxillik ənənəsinə sadiq qalaraq 2013-cü ilin idman laureatlarının adlarını açıqlamışdır.
İlin idman jurnalistləri Səxavət Quliyev (AZƏRTAC), Rahib Səmədov (“Olimpiya dünyası”), Ceyhun Əliyev (“Het-trik”), Saleh Salahov (“Sportsman”), Elçin Cabbarov (“Respublika”), Elman Məmişov (İctimai TV), Sənan Məhərrəmov (APA TV) və Tuncay Türbəndəzadə (milli.az) olmuşlar.
Rasim Mövsümzadənin “Bir qolun tarixçəsi” kitabı ilin idman üzrə kitabı seçilmişdir.
İlin qəzetləri sırasında isə “Olimpiya dünyası”, “Futbol+”, “Azərbaycan”, “525-ci qəzet” və “Zerkalo” fərqlənmişlər.
Laureatlar sırasında “İdman Azərbaycan” telekanalı, İctimai radio, apasport.az və mediaforum.az internet saytları da vardır.
Kristina İovu (ağır atletika, dünya çempionatının gümüş mükafatçısı, Yuliya Ratkeviç (güləş, dünya çempionatının bürünc mükafatçısı, “Qızıl qran-pri”nin və Yay Universiadasının qalibi), Fəridə Əzizova (taekvondo, dünya çempionatının bürünc mükafatçısı), Məhəmmədrəsul Məcidov (boks, dünya çempionu), Elxan Məmmədov (cüdo, dünya çempionu) və Valentin Demyanenko ( kanoe, dünya çempionu) ilin idmançısı seçilmişlər.
Şahmat üzrə milli komandamız, qadın voleybolçulardan ibarət “Rabitə” kollektivi və “Qarabağ” futbol klubu ilin komandası nominasiyasının qalibi olmuşlar.
Gənclər və İdman Nazirliyi idman idarəsinin rəisi Mirkamil Rəhimov ilin idman xadimi adına layiq görülmüşdür.
İlin idman telerejissoru Valeh Əhmədov (İdman Azərbaycan), ilin idman teleoperatoru Zaur Ağamir (İdman Azərbaycan), ilin fotooperatoru isə Fəxrəddin Abdullayev (Azəri Press Agentliyi- APA) seçilmişlər.
İbrahim İbrahimov (cüdo üzrə milli komandanın (paralimpiya) baş məşqçisi), Aleksandr Xalifman (şahmat üzrə (kişilər) milli komandanın kapitanı) və Qurban Qurbanov (“Qarabağ” futbol klubunun baş məşqçisi) ilin məşqçisi mükafatına sahib olmuşlar.
İlin idman hakimi İradə Qurbanova (akrobatik gimnastika), ilin idman azarkeşi Həmid Nəcəfquliyev, ilin idman mətbuat xidməti isə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti seçilmişlər.