CƏMİYYƏT
AzərTAc-ın Mehdi Hüseynzadənin Sloveniyadakı xatirə muzeyindən reportajı VİDEO
Lyublyana, 12 fevral, Aygün Həsənova, Anar Rzayev, AZƏRTAC
Mixaylo adını Sloveniyada hər kəs tanıyır. Hər kəs bu qəhrəmanın Azərbaycanın igid oğlu olduğunu, bu torpaqların alman faşistlərindən azad edilməsi uğrunda canından keçdiyini bilir. Bizimlə söhbətdə də slovenlər əfsanəvi partizanı daim xatırladıqlarını və belə igid oğula görə Azərbaycan xalqına minnətdarlıq etdiklərini deyirlər. Biz də İkinci Dünya müharibəsində qələbənin 70-ci ildönümünün qeyd olunacağı bir ərəfədə Azərbaycan xalqının qəhrəman oğullarından biri Mixaylonun döyüşüb həlak olduğu məkanda olduq.
İkinci Dünya müharibəsi zamanı keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda alman faşizminə qarşı döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (Mixaylo) xatirə muzeyi Sloveniyanın Nova Qoritsa şəhəri yaxınlığında Şempas kəndində yerləşir.
Muzeydəki o dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatlar bu muzeyə gələnlərdə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında dolğun təəssürat yaradır.
Muzeydə Mixaylonun heykəli də qoyulub. Vaxtilə ona məxsus olan döyüş sursatları, şəxsi əşyalar da muzeydə nümayiş olunur. Mehdi Hüseynzadə haqqında çəkilmiş “Uzaq sahillərdə” filmindən fotolar da buraya gələnlərə xalqımızın igid oğlunun xatirəsinin hər zaman soydaşlarımızın qəlbində yaşadığını bir daha nümayiş etdirir. Memorial muzeyin yaradılması bu torpaqların faşizm təhlükəsindən azad olunması yolunda öz canından keçmiş Mehdi Hüseynzadənin xatirəsinə həm Azərbaycan, həm də Sloveniya hökumətlərinin ehtiramını göstərir. Sloveniyaya gələn turistlərin də azərbaycanlı qəhrəmanın xatirə muzeyinə marağı artır.
Novo Qoritsa Bələdiyyəsinin sədri xanım Matjaz Breselj AZƏRTAC-a müsahibəsində Mixaylonun xalqların azadlığı üçün döyüşdüyünü, keçdiyi döyüş yolu sayəsində qəhrəmanlıq tarixi yazan Mehdi Hüseynzadənin öz adını nəinki silahdaşlarının, eyni zamanda bütün sloven xalqının qəlbinə yaza bildiyini söylədi. Hər iki ölkə arasında dostluq bağlarının möhkəmlənməsində Mixaylonun xüsusi yeri olduğunu deyən Matjaz Breselj qəhrəmanın xatirəsinə olan ehtiramın təzahürü kimi hər iki ölkənin xalqları arasında səmimi dostluq münasibətlərinin olduğunu qeyd etdi.
Müharibənin ilk ilindən cəbhəyə yollanan M.Hüseynzadə 1942-ci ildə döyüşlərin birində ağır yaralanaraq əsir düşüb və Almaniyaya göndərilib. Lakin Mixaylo 1943-cü ildə əsirlikdən qaçaraq Yuqoslaviya və İtaliyada partizanlara qoşulub. O, alman faşistlərinə qarşı təxribat əməliyyatları həyata keçirib, 1944-cü ilin noyabrında isə ağır yaralanaraq həlak olub.
1957-ci ildə M.Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1958-ci ildə ölməz qəhrəmana həsr olunmuş “Uzaq sahillərdə” filmi lentə alınıb, 1973-cü ildə isə ona ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda abidə ucaldılıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 2007-ci ildə Şempas kəndində M.Hüseynzadənin büstünün açılışı olub.