İQTİSADİYYAT
“AZNEFT” “BAHAR-2” DƏNİZ QAZ YATAĞINDA İSTİSMAR QUYUSU QAZMAĞA BAŞLAMIŞDIR
“Azneft” istehsalat birliyi “Bahar-2” dəniz qaz yatağının cənub hissəsində istismar quyusu qazmağa başlamışdır.
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bu quyuya böyük ümidlər bəslənilir. Yatağın cənub hissəsi az öyrənildiyi üçün burada kəşfiyyat işləri aparılacaq-yeni quyular qazılacaq, platforma qurulacaqdır. “Bahar-2” yatagında qazılan quyunun layihə dərinliyi 5200 metr, qazın planlaşdırılan debiti sutkada 350 min kubmetrdir. Qazma işi 2005-ci ilin yazında başa çatacaqdır.
“Bahar-2” yatagının işlənməsinə dair hələ 2002—ci ildə hazırlanmasına başlanılmış proqrama əsasən, yataqda 10-12 quyu qazılacaqdır. Bu yataq külli miqdarda qaz ehtiyatı aşkar edilmiş “Şahdəniz” və fəaliyyətdə olan “Bahar-1” yatağı ilə həmsərhəddir. Burada suyun dərinliyi 50 metrdən çoxdur, əvvəllər qazılmış quyuların dərinliyi isə 5 min metri keçir.