İQTİSADİYYAT
“Azneft” İB-də davranış və təhlükəsizliyin müşahidə sisteminin tətbiqi müzakirə olunmuşdur
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyində (İB) “Davranış və təhlükəsizliyin müşahidə sisteminin istehsalat sahələrində tətbiqinin vəziyyəti” mövzusunda müşavirə keçirilmişdir.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İB-nin idarə və müəssisələrində təhlükəsizlik qaydalarına nəzarət üçün yaradılmış davranış və təhlükəsizliyin müşahidə sisteminin əsas məqsədi iş zamanı qəza və xəsarətlərin qarşısını almaqla bağlı rəhbər işçiləri təlimatlandırmaqdan ibarətdir.
Müşavirədə qeyd olunmuşdur ki, təhlükəsiz iş şəraitinin təmin edilməsi və riskli davranışların aradan qaldırılmasına xidmət edən bu sistemin həyata keçirilməsi üçün təhlükəsizlik üzrə müşahidə və auditlər aparılmalı, iş yerlərində təhlükəsizlik qaydaları gücləndirilməli, bütün təhlükəli şəraitlər, o cümlədən istehsalat xəsarətləri, peşə xəstəlikləri və bu halları yarada biləcək potensial təhlükələr araşdırılaraq aradan qaldırılmalıdır. Sistemin tətbiq olunması təhlükəsizlik sahəsində məsuliyyəti daha da gücləndirir, işçilərin ünsiyyət, müşahidə və audit aparmaq bacarıqlarını inkişaf etdirir, təhlükəsizlik məsələlərində onların liderlik qabiliyyətini təkmilləşdirir.
Müşavirədə davranış və təhlükəsizliyin müşahidə sisteminin tətbiqi zamanı qarşıya çıxan problemlər ətrafında müzakirələr aparılmışdır.