İQTİSADİYYAT
“Azneft” İB-də mühafizənin təşkili və qəza-xilasetmə qüvvələrinin hazırlığının yoxlanılması üzrə növbəti tədbirlər keçirilmişdir
Bakı, 6 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin struktur təşkilatlarında işçilərin fövqəladə hallarda mühafizəsinin təşkili və qəza-xilasetmə qüvvələrinin hazırlığının yoxlanılması üzrə növbəti tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iyul ayının birinci həftəsində İB-nin “Abşeronneft”, “Bibiheybətneft” və H.Z.Tağıyev adına neft-qaz çıxarma idarələrində təxliyə məşqləri, Ə.Əmirov adına neft-qaz çıxarma idarəsində isə yanğından mühafizə tədbirləri keçirilmişdir. Həmçinin Birliyin qaz anbarlarının istismarı idarəsində kimya və radiasiyadan mühafizə üzrə əmlaklardan istifadə qaydalarının bir daha öyrədilməsi məqsədilə neft-qaz çıxarma idarəsində xidmət edən yanğından mühafizə hissəsinin nümayəndəsi, mülki müdafiə mütəxəssisi tərəfindən izahat işləri aparılmışdır.
Tədbirlərdə struktur təşkilatlarda baş verə biləcək istehsalat qəzaları, təbii fəlakət və digər fövqəladə hadisələr zamanı işçilərin həyat və sağlamlıqlarının mühafizəsinin təşkili məqsədilə mütəmadi olaraq təxliyə məşqləri və qəza-xilasetmə qüvvələrinin hazırlıqları yoxlanılmışdır.
Belə tədbirlərin mütəmadi keçirilməsi ekstremal hallarda hadisələrin qarşısının alınmasında və fəaliyyət qaydalarına düzgün riayət etmələrində işçilərin özlərinə inamını artırır. Bunun nəticəsi olaraq son vaxtlarda İB-nin struktur təşkilatlarında istehsalat qəzaları və işçilər arasında xəsarət alma halları baş verməmişdir.
İşçilərin mühafizəsinin təşkili və qəza hallarının qarşısının alınması üzrə qüvvələrin hazırlığının artırılması üzrə tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdirilir.