İQTİSADİYYAT
“Azneft” İB gələn il 88 yeni quyunun qazılmasını planlaşdırır
Bakı, 23 iyun, AZƏRTAC
SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) 2017-ci il ərzində 88 yeni quyunun qazılması, 89 quyuda qazma işlərinin başa çatdırılması və 45 yeni obyektin istismara verilməsi nəzərdə tutulur.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İB-də 2017-ci ilin iş proqramına dair iclas keçirilib. Birliyin baş direktorunun müavini, baş geoloq Ədalət Eminov fəaliyyətsiz quyu fondu üzərində aparılacaq tədbirlər, hasilatın düşmə tempinin qarşısının alınması istiqamətində atılacaq addımlar, 2017-ci il ərzində aparılacaq kəşfiyyat işləri haqqında məlumat verib. Bildirib ki, cari ilin sonuna kimi “Qoşadaş” strukturunda kəşfiyyat işlərinin yekunlaşdırılması, müsbət nəticə əldə edilərsə, qazma işlərinə başlanılması, eləcə də gələn il “Bulla-dəniz” yatağında seysmik-kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur.
Digər çıxış edənlər hasilatın stabilləşdirilməsi sahəsində görüləcək işlərdən, qarşıya qoyulmuş tapşırıqların icrasından, tətbiq ediləcək yeni texnologiyalardan, proqnozlaşdırılan kapital qoyuluşları, təchizat və tikinti işlərindən, istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görüləcək tədbirlərdən söz açıblar. Bildirilib ki, 2017-ci il ərzində 88 yeni quyunun qazılması, 89 quyuda qazma işlərinin başa çatdırılması, 45 yeni obyektin istismara verilməsi nəzərdə tutulur.
Birliyin baş direktoru Daşqın İskəndərov iş proqramının daha da təkmilləşdirilməsi üzrə tapşırıq və tövsiyələrini verib.