İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyi ötən il 7 milyon 146,5 min ton neft hasil etmişdir
Bakı, 4 fevral (AZƏRTAC). ARDNŞ-in “Azneft” İstehsalat Birliyi (İB) 2011-ci ildə 7 min 146,5 min ton neft hasil etmişdir. Bu neftin 7 milyon 115,1 min tonu əmtəəlik neft kimi hazırlanıb Heydər Əliyev adına və “Azərneftyağ” neft emalı zavodlarına və ixraca təhvil verilmişdir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, ötən ilin yekunlarına görə, neft və qaz çıxarma idarələri (NQÇİ) üzrə neft hazırlanma qurğularından 9 milyon 742,3 min ton maye keçirilmişdir. Təhvil verilmiş neftin 98,3 faizi 1-ci qrup, 1,6 faizi 2-ci qrup, 0,08 faizi qeyri-standart olmuşdur.
Neft yığım məntəqələrinin ərazisində yerüstü neft anbarlarının ləğv edilməsi və bu ərazilərin abadlaşdırılmasına böyük əhəmiyyət verilir. 2011-ci ildə bu məqsədlə H.Z.Tağıyev adına, “Siyəzənneft” NQÇİ-də və Muradxanlı İNM-də (iriləşdirilmiş neft mədəni) anbar neftinin deemulsasiyasına 5,8 ton deemulqator istifadə edilmişdir. 2011-ci ilin yekunlarına əsasən, NQÇİ-də neftin hazırlanması və nəqlində yol verilmiş itkilər 33 min ton norma əvəzinə 31,8 min ton olmuşdur.