İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyinin qaz anbarlarının istismarı idarəsində müşavirə keçirilmişdir
Bakı, 5 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin qaz anbarlarının istismarı idarəsində “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusu üzrə cari ilin birinci yarısında görülən işlərlə əlaqədar müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə ilin birinci yarısında görülən işlər və OHSAS 18001 əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi standartlarına əsasən təhlükəsiz və sağlam əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilmişdir.
Sonra qaz anbarlarının istismarı idarəsinin rəisi Zaur Bağırov çıxış edərək əməyin mühafizəsinin istehsalat sahələrində böyük rolunun olduğunu bildirmiş, eləcə də hesabat dövründə görülən işləri qənaətbəxş hesab etmişdir.
Qeyd olunmuşdur ki, ilin birinci yarısında idarə OHSAS 18001 əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi standartları üzrə sertifikatına layiq görülmüşdür. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.