İQTİSADİYYAT
AZPROMO-nun nümayəndə heyəti Seulda İdxal Malları Yarmarkasında iştirak edəcək
Bakı, 3 iyun, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev və Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan arasında onlayn görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, agentliyin rəhbəri ölkəmizdə ixrac imkanlarının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Koreya iqtisadi əlaqələri barədə danışıb. Görüşdə, həmçinin AZPROMO-nun Koreyanın biznes və ticarət təşkilatları ilə əməkdaşlığı, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tərəflər Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili, hər iki ölkə ixracatçıları arasında işgüzar görüşlərin keçirilməsi, Koreya iş adamlarının Azərbaycana səfəri, bu il iyunun 23-25-də Seulda təşkil olunacaq İdxal Malları Yarmarkasında (Import Goods Fair - IGF) AZPROMO-nun nümayəndə heyətinin iştirakı məsələlərini müzakirə ediblər.