ELM VƏ TƏHSİL
“AzScienceNet” şəbəkəsi “GEANT 4” layihəsində iştirak edəcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycanı GEANT Assosiasiyasında və onun layihələrində təmsil edən “AzScienceNet” bu qurumun yeni “HORIZON 2020” proqramı çərçivəsində maliyyələşdiriləcək “GEANT 4” layihəsində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən akademik Rasim Əliquliyev layihənin əsas hədəflərinin hər bir avropalı alimi “rəqəmsal alimə” çevirmək, elmi-tədqiqatlarda yaradıcılıq və səmərəliliyi artırmaq, inkişaf etmiş və az inkişaf etmiş regionlar arasındakı rəqəmsal fərqi aradan qaldırmaq olduğunu söyləyib.
Alim qeyd edib ki, “AzScienceNet” şəbəkəsi, həmçinin ölkəmizi Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün həyata keçirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsində də təmsil edir. O deyib: “2016-cı ildə həyata keçirilən layihənin əlaqələndiricisi GEANT Assosiasiyasıdır. Layihədə regional şəbəkə yaradılaraq GEANT-a qoşulub ki, bunun nəticəsində “AzScienceNet” beynəlxalq elmi-tədqiqat şəbəkəsinə qoşulma sürəti 1 Gb/s-ə çatdırılıb. “EaPConnect” layihəsi Şərq tərəfdaşlığı regionunda fəaliyyət göstərən iki milyondan çox alim, tədqiqatçı, müəllim və tələbələrə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq etmək imkanı yaradır”.