ELM VƏ TƏHSİL
Aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən olan və əlil uşaqlara məktəbli ləvazimatları təqdim olunmuşdur
Bakı, 12 sentyabr (AZƏRTAC). Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) rayonda yaşayan aztəminatlı, şəhid, məcburi köşkün ailələrindən olan və əlil uşaqlara “Bilik günü” münasibətilə məktəbli ləvazimatlarının verilməsi münasibətilə tədbir keçirilmişdir.
RİH-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə RİH-in başçısı Xaləddin İsgəndərov məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulamışdır.
X. İsgəndərov Prezident İlham Əliyevin ölkəmizdə elmin və təhsilin inkişafına göstərdiyi dövlət qayğısından söhbət açmışdır. Gənc nəslin təhsil alması, onların cəmiyyətdə savadlı, sağlam dünyagörüşü olan vətəndaşlar kimi formalaşmasında dövlətimizin rolu xüsusi vurğulanmışdır.
Görüşdə Azərbaycan Respublikası “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin rayon şöbəsinin sədri Ayna Novruzova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda RİH tərəfindən 200-ə yaxın aztəminatlı, şəhid, məcburi köçkün ailəsindən, qəyyumluqda olan və əlil uşaqlara məktəb ləvazimatları verilmiş və onlara maddi yardım olunmuşdur.