ELM VƏ TƏHSİL
AzTU-nun professoru Belarus Dövlət Rabitə Akademiyasında mühazirə oxuyub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Tofiq Mansurovun moderatorluğu ilə Belarus Dövlət Rabitə Akademiyasında “AzTU-da yerinə yetirilən elmi tədqiqatların istiqamətləri: əsas nəticələr, elmi fəaliyyətin xüsusiyyətləri və perspektivləri” mövzusunda seminar keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Belarus Dövlət Rabitə Akademiyasının rektoru və əməkdaşları, həmçinin magistrant və aspirantları iştirak ediblər. Seminarda geniş məruzə ilə çıxış edən AzTU-nun professoruna sertifikat təqdim edilib.
Növbəti gün Tofiq Mansurov Belarus Dövlət Rabitə Akademiyasında “İnformasiya mühafizəli infokommunikasiya şəbəkələrinin optik rabitə sistemlərinin inkişaf perspektivləri və problemləri” mövzusunda mühazirə oxuyub. Mühazirədə akademiyanın tələbələri ilə yanaşı, rəhbərliyi də iştirak edib.
Tofiq Mansurovun səfəri çərçivəsində AzTU və Belarus Dövlət Rabitə Akademiyasının birgə yaratdığı “Optik rabitənin kvant sistemləri” adlı beynəlxalq elmi laboratoriyanın 2022-2023-cü illər üçün iş planı, həmçinin iki ali təhsil müəssisəsi arasında mövcud müqavilənin icrası məqsədilə 2022-2023-cü illər üçün yol xəritəsi hazırlanıb.