REGİONLAR
Baba Vəziroğlu Gəncədə tələbələrlə görüşüb
Gəncə, 6 mart, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli nasir, şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlu ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Moderator şairin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra Baba Vəziroğlu çıxış edib.
Görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu “Sən elə bir zirvəsən” və “Cənab Ali Baş Komandan” şeirlərini səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.
Tədbir zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov şairə ATU əməkdaşının əl işini - Baba Vəziroğlunun yağlı boya ilə çəkilmiş portretini təqdim edib.
Görüşdə ATU tələbələrinin ifasında şairin şeirləri, şeirlərinə bəstələnən musiqilər səsləndirilib.
Tədbir boyu B.Vəziroğlu tələbələri maraqlandıran bir çox sualları cavablandırıb, müxtəlif şeirlərini səsləndirib.
Sonda şair kitablarını öz imzası ilə oxuculara hədiyyə edib.