İQTİSADİYYAT
“Babək prospekti” rayonu yaşayış və kommersiya məqsədləri üçün ideal bir məkana çevriləcəkdir
Bakı, 29 noyabr (AZƏRTAC). “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində inşa olunacaq “Babək prospekti” rayonu paytaxtın yaxşı planlaşdırılmış geniş küçələri və dayanacaq yerləri olan, yaşayış və kommersiya məqsədləri üçün ideal bir məkana çevriləcəkdir.
“Bakı Ağ Şəhər” layihəsinin icra qrupundan AZƏRTAC-a bildirmişlər ki, Babək prospektinə birbaşa çıxışı nəticəsində rayon ticarət üçün çox əlverişli olacaqdır. Babək prospekti boyunca yerləşən ticarət mərkəzlərində mebel, avtomobil, inşaat materialları və avadanlığının satışı təşkil ediləcəkdir.
Layihəyə əsasən 23,8 hektar əraziyə malik rayonda 251 min 640 kvadratmetr yaşayış, 49 min kvadratmetr ticarət, 33 min 140 kvadratmetr ofis sahəsi nəzərdə tutulmuşdur. Burada tikiləcək yaşayış və kommersiya binaları 12-14 mərtəbə hündürlüyündə
olmalıdır.